Xəbərlər :: Biz köçdük! :: MEQA şirkəti

Biz köçdük!

04.08.2013

Ofisdə telefon uzun-uzadı zəng çalır. Resepşionist yerində olmadığından digər əməkdaşımız telefonu götürür. Dialoqu səsləndiyi kimi (yəni ədəbi yazılış normalarından fərqli, tələffüzdə olduğu kimi) təsvir edirik:
—    Alo! (Dəstəyi götürən əməkdaşımız telefona cavab verən olmadığına görə korporativ standartlardan fərqli olaraq “MEQA şirkəti” demir)
—    Alo! Salam! (Hiss olunur ki, zəng edən bir qədər həyəcanlıdır)
—    Salam.
—    Səhərdəndi zəng eliyirəm! Bir nəfər də olsun telefona yaxın duran yoxdu! A belə də iş olar?
—    Bağışdıyın, Sizə ...
—    Hardasuz? Niyə götürmürsüz telefonu?
—    ÇÖÇÜRÜY. (Yəqin aydındır ki, telefona cavab verən əməkdaşımız şəkilidir)
—    ... I-ıı-ıı ... Aydındı.
—    Alo.
(duuut-duuut-duuut-duuut-duuut)
Ofisdaxili söhbət:
—    Nə oldu? Kim idi?
—    Bilmirəm.
—    Necə yəni bilmirəm?
—    Əsəbi vəziyyətdə soruşdu çi, niyə cötürmürsüz telefonu. Mən də dedim çöçürüy. O da heş nə demədi. “I-ııı-ıı” elədi, asdı.
—    Əşi, sənə deyən var idi telefonu götür? Bu qədər adam ola-ola məhz sən deməliydin ki, KÖÇÜRÜK? :)
—    Necə bəyəm? (təəccüblə)
—    Deyəsən elə başa düşüb ki, ÇÖKÜRÜK! :)
Bu söhbəti eşidən nə əməkdaşımız varsa (içində də sevimli şəkilimiz daxil), hamısı gülür, eşitməyənlər gülüşə yığışır, onlar da xəbərdən hali olub özlərini saxlaya bilmir. Təbii ki, ofisdaxili yüngül, şirin atmosferin olması hamımız üçün xoşdur, amma bu arada rəhbərliyi maraqlandıran bir məsələ var. Axı zəng edənlər doğrudan da bilməyə bilərlər ki, biz köçmüşük, yoxsa çökmüşük. :)

Belə-belə işlər! Əlbəttə, son vaxtlar heç kimə sirr deyil ki, şirkətimiz sürətlə böyüyür. Bu səbəbdən müdrik rəhbərliyimiz lap əcəb edib daha müasir və geniş ofisə köçməyi qərara aldı. Guya almayıb nə edəcəkdi? Bu qədər iş elanından sonra yeni əməkdaşları hara oturdacaqdı ki?

Odur ki, əziz dostlarımız, bilin və agah olun! Biz yeni ofisə köçdük! Bəli! Nəhayət ki bu baş verdi! Arzularımız gerçəkləşdi! Artıq yeni 3 mərtəbəli villadayıq.

Yeni ofisimiz Atatürk prospektinin lap yaxınlığında, Həsən Əliyev küçəsinin isə paralelində yerləşir. Daha dəqiq desək, Həsən Əliyev və Teymur Əliyev küçələrinə paralel və onların arasında. Doğrudur, məskunlaşma prosesi hələ də davam edir, amma özümüzü geniş, təmiz, işıqlı bir yerdə çox rahat hiss edirik. Üstəlik yeni ofisimizə təşrif buyuracaq tərəfdaşlarımız və qonaqlarımız üçün də indiki ünvanımızı tapmaq daha asan olacaq. Deməli, sayları da çox olacaq :)

Yeri gəlmişkən, dəyərli tərəfdaşlarımız!

Köç prosesi zamanı yaranan çətinlikləri başa düşdüyünüzə və bundan doğan müvəqqəti problemlərin tərəfinizdən anlayışla qarşılayacağınıza ümid edirik. Bu zaman ərzində bizimlə əlaqəli işlərinizdə yaranan problemlərə görə bir daha sizdən üzr istəyirik. Anlayışınıza güvənirik.

Onu da qeyd edək ki, avqustun 5-dən tam adi rejimdə çalışacağıq.

Yeni ünvanımız: Bakı şəhəri, Bakı, AZ1006, Nərimanov rayonu, Oqtay Kərimov 54.



MEQA MMC daha böyük ölçüdə