Xəbərlər :: Şirkətimizin hazırladığı saytlarla bağlı sosial hakinq (social hacking) cəhdi aşkarlanıb. :: MEQA şirkəti

Şirkətimizin hazırladığı saytlarla bağlı sosial hakinq (social hacking) cəhdi aşkarlanıb.

25.08.2011

Avqust ayının 24-də müştərilərimizə MEQA şirkətinin adından saxta müraciət ünvanlanmışdır.

Müraciətdə yazılır ki, şirkətimizin hazırladığı saytlarda guya təhlükəsizliklə bağlı kritik problem aşkarlandığından problemin aradan qaldırılması üçün təcili olaraq www.meqa-support.com/submit ünvanında qeydiyyatdan keçirmək lazımdır. Göstərilən ünvanda forma açılır və saytın məzmununu yeniləməklə məşğul olan inzibatçılardan oraya öz məxfi məlumatlarını (ünvanlarını, istifadəçi adı və parolunu) daxil etmələri tələb olunur. Müştərilərimizi inandırmaq üçün yeni yaradılmış saytın (bu sayt elə müraciətin ünvanlandığı tarixdə, yəni 24 avqust 2011-ci ildə qeydiyyatdan keçibdir) baş səhifəsi (yəni www.meqa-support.com ünvanı) MEQA şirkətinin rəsmi saytında yönləndilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu bir sosial hakinq (social hacking) cəhdidir və MEQA şirkətinin daxil olmuş məktubla, orada göstərilən ünvanla bağlılığı yoxdur. MEQA şirkəti hər hansı müştərinin bilməməzliyi ucbatından ötürdüyü məxfi məlumatlar nəticəsində baş verən fəsadlara görə məsuliyyət daşımır. Məxfi məlumatlar sırf müştəriyə aiddir və şirkətin heç bir əməkdaşı birtərəfli qaydada onu tələb edə bilməz. Bununla belə fəsadların minimuma endirilməsi üçün şirkət müştərilərlə əməkdaşlıq etməyə hazırdır.

Müştərilərdən xahiş edirik ki, əgər səhvən ünvana daxil olub məlumatlarını qeydiyyatdan keçiriblərsə, dərhal saytın idarəetmə panelinə daxil olaraq orada qeydiyyatda olan BÜTÜN istifadəçi adlarının parollarını dəyişsinlər və bu haqda (dəyişdirmə mümkün olsa da, olmasa da) MEQA şirkətinə telefonla məlumat versinlər.

Əlaqədar şəxs: Rəna Sofiyeva
Şəhər telefonları: (+994 12) 498 0021, (+994 12) 598 0021
Mobil telefon: (+994 55) 328 0007

Həmçinin baş vermiş insidentlə bağlı hər hansı məlumatı olan İnternet istifadəçilərindən xahiş olunur ki, şirkətimizə bu haqda məlumat versin.


Hörmətlə,
Mehman Xəlilov
MEQA şirkətinin prezidenti