Brendinq :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Brendinq

Müasir zamanda şirkətin brend konsepsiyası yalnız korporativ üslubda olan qrafik təsvirlər dəstindən ibarət deyil. Düzgün hazırlanmış brend konsepsiyası aid olduğu cəmiyyətdə özü barədə müəyyən fikir formalaşdırmalı, zəruri emosiyaları yaratmağı bacarmalıdır. Çünki bütün bu fikir və emosiyaların təşkili korporativ ruh, korporativ dünyagörüşü və inkişaf strategiyasını özündə birləşdirən kommunikasiyalar konsepsiyasını əmələ gətirir. Məhz bu konsepsiyalar brendbukda öz əksini tapmalıdır.
 
“Brendbuk” sözü ingilis dilindəki “brandbook” (və ya “brand book”) sözündən qaynaqlanır. Ümumiyyətlə, brendbuk şirkətin korporativ kommunikasiyalarının təşkili üçün qaydalardan ibarət olub, öz rəhbərliyinə korporativ loyallıq anlamını istifadə etmək və genişləndirmək imkanı verir. Brendbuk şirkət personalına şirkətin inkişafındakı mövqeyini başa düşməyə kömək edir. Şirkətin brendbuku həm də onun vizual kommunikasiyalarını əks etdirən bir sistemidir. Burada açar söz “sistem”dir, yəni brendbukda bazis, sistem əmələ gətirən prinsip, iyerarxiya və gələcək inkişaf imkanları olmalıdır.

Brend olaraq istənilən məfhum çıxış edə bilər, yetər ki bu məfhum barədə onun potensial istifadəçilərində məqsədyönlü, dəqiq, stabil, tam anlayış və təsəvvürlər yaradılmış olsun.

Brendbukun sistem modeli 4 iyerarxik səviyyədən ibarət piramida şəklində təsvir edilir. Bu səviyyələr konsepsiya, bazis, dizayn sistemi və əlavələrdən ibarətdir.
 
Konsepsiya. Brendbukun yaradılması üçün başlanğıc nöqtəsi kimi “hədəf” kütlənin şüurunda brendin mövqeləndirilməsi (“brand position”) konsepsiyasının mövcudluğudur. Düzgün tərtib edilmiş brend konsepsiyası brendin rəqib brendlərdən əsas fərqlər və üstünlükləri barədə ictimaiyyətdə dolgun təsəvvür yatarmağı bacarmalıdır.

Müstəqil araşdırmalara əsasən istehlakçıların yalnız 1%-i spontan, yəni seçimsiz alış-veriş etməyə hazırdırlar. Digər 99% istehlakçı kütləsinin seçimi isə motivasiya üzərində qurulur. İnsanlar düşünür, hiss edir, nəyəsə ehtiyac duyur və seçim edirlər. Amma seçdikləri məhsul deyil, emosiyalardır, əhval-ruhiyyədir, kömək və dayaqdır, gözəl keçən axşamlar və bütün ailə üçün xoşbəxtlikdir. Biz sabun deyil, dərimizə qayğı və bakteriyalardan müdafiə üçün pul veririk. Biz avtomobil almırıq, biz etibarlılıq, güc və nüfuzu, bəzən də təmtərağı seçirik. Biz məhsul deyil, ideyanı alırıq. Brendinqdə bu ideya brend konsepsiyası adlanır.

Brend konsepsiyası brendin şəxsiyyətinin yaradılması üçün əsasdir. Bu şəxsiyyət necə təqdim olunmağından (şən və ya ciddi, kübar və ya sadə) asılı olmayaraq güclü olmalıdır, çünki güclü şəxsiyyət yadda qalır, hörmət qazanır və çətinliklərə qalib gəlir. Güclü brend şəxsiyyəti güclü brend konsepsiyası ilə yaradılır.

Hər bir başqa ideya kimi, brend konsepsiyası da yaradıcı axtarışlar prosesində əmələ gəlir. Amma yaddan çıxarmaq lazım deyil ki, brend konsepsiyası vizual identifikasiya ilə yanaşı həm də onun bütün kommunikasiyalarının əsasını, brend adının, sloqanlarının, logotipinin, istehlakçı ilə ünsiyyət “dilinin”, reklam ideyalarının və müxtəlif cür reklam və təqdimat materiallarının özəyini təşkil edir. Bu fakt brend konsepsiyasının üzərinə böyük məsuliyyət qoyur. Odur ki, peşəkar və istedadlı brend konsepsiya yaradıcılarının əsas məqsədi istehlakçıya brendin ideyasını düzgün çatdırmaqdır. Deməli brend konsepsiyasına başlıca tələb “hədəf” auditoriyaya anlaşıqlı və yaxın olmaqdır.

Bazis. Brendinqə sistem şəklində yanaşma brendin identifikasiyası üçün vizual atributların düşünülmüş görüntüsünü nəzərdə tutur. Brendin təsdiqlənmiş strategiyası və platforması, həmçinin kopiraytinq və neyminq brendin əsas ideyasını daha dəqiq və düzgün ifadə edən atributların yaradılması üçün zəmin təşkil edir.

Brendin logotipi, üslub əmələ gətirən elementlərin vizual konsepsiyası (istər məhsulun qablaşması, korporativ üslub, reklam dizaynı, istərsə də şirkətin daxili və ya xarici tərtibatı) təsdiqlənmiş brend konsepsiyasına tabe və brend adina müvafiq olmalıdır. Brendin vizual konsepsiyası brendbukun hazırlanması işində bazis mərhələsi kimi səciyyələnir, çünki bu mərhələ brendin ideyasının görüntüyə gətirdiyi əsas və başlıca amildir. Bundan əlavə, brendin vizual konsepsiyası brendin stilistikasını, xarakterini, rəng üslubiyyətini, assosiativliyini və vizual məzmun dolğusunu təsvir edir və motivləşdirir, brendin vizual (qeyri-verbal) tərkibinin spesifik cəhətlərini təyin edir. Vizual atributlar kimi şirkətin əmtəə nişanı, logotipi, əsas hesab edilən rəng palitrası, korporativ şriftlər, qrafik elementlər və bir çox başqa tərtibat elementləri çıxış edir.
 
Dizayn sistemi.  İnkişaf edən şirkətin brendinin individuallığı da daim inkişaf etdirilməli və dəstəklənməlidir. Odur ki korporativ mədəniyyətin inkişafı şirkətin işgüzar sənədləşmələrinin ümumi brend konsepsiyası və korporativ siyasətinə uyğun şəkildə tərtibatına böyük zərurət yaradır. Peşəkar şəkildə tərtib olunmuş işgüzar sənədləşmə şirkətin öz vahid korporativ üslubunun ictimaiyyətə maksimum şəkildə tanıtması ilə bərabər şirkətin “ağır çəkili” stabil və perspektivli tərəfdaş olmasını sübut edən vasitədir. Şirkətin bütün sənədləşməsinin vahid korporativ üslubda tərtibatı həmçinin onun öz müştəriləri ilə vahid vizual kommunikasiyalarının yaradılması işində də əvəzolunmazdır. Brendbukun tərkib hissəsi kimi qəbul edilən və dizayn sistemi kimi adlanan bu səviyyə bazis elementlərinin birləşdirilməsi və istifadəsi ilə bağlı qaydaları təyin edən sistemdir. Bu mərhələdə brendin ümumi üslubunu özündə cəmləşdirən və brendin pozitiv mənimsənilməsini dəstəkləyən işğüzar sənədləşmənin tərtibatı ilə bağlı standartlar və məsləhətlər öz əksini tapmışdır.

Brendbukun istifadəsindən əldə edilən üstünlükləri toplayaraq, əminliklə qeyd etmək olar ki, bu şirkətin müsbət imicinin formalaşması üçün ən effektiv üsullardan biridir. Düzgün tərtib olunmuş dizayn sistemi və korporativ standartlar, vizual obrazların canlı emosiyaları, yaddaqalan rəng qamması və tipoqrafikanın aydın dili müştərilərlə daim dialoq qurur, onun diqqəti üçün gərgin mübarizə aparırlar.
 
Əlavələr. Brendbukun yaradılması şirkətin yalnız imic məslələrində olan səliqəsini ifadə etmir. Bir çox qabaqcıl şirkətlər öz keyfiyyətli brend və korporativ üslub tərtibatını reklam və tanıtma məhsullarına da tətbiq edirlər. Amma korporativ üslubiyyatın düzgün və effektli reklam alətinə çevrilməsi üçün iki şərt gözlənilməlidir: brendbuku hazırlayan şirkətin peşəkar yanaşması və bu üslubiyyatın korrekt şəkildə istifadə edilməsi, yəni qoyulmuş qaydalara qeyd-şərtsiz olaraq riayət etməsi. Korporativ standartlar üzrə təlimatlar adətən brendbukun ümumi ideyası və brendin korporativ görüntüsü ilə uyğunlaşdırılmış unikal əlavələr və bölmələrlə təchiz olunur ki, bu əlavələrin əsas məqsədi şirkətin brendindən istifadə haqda istehsalçı podratçılar üçün ətraflı təlimatlar və şablonlar verməkdir. Təlimatlar elektron daşıyıcılara yazılmış xüsusi fayllarla təchiz olunur. Bu fayylardan istifadə vasitəsilə podratçılar tərəfindən düzgün tərtib olunmuş tanıtma məhsullarının hazırlanması təmin edilir.