Nisbətən gənc olmasına baxmayaraq “marketinq”, “reklam” və “PR” anlayışları insanların həyatına çox dərin və orqanik şəkildə sirayət etmişdir. Statistik göstəricilərə əsasən hər gün istehlakçılar təqribən 300-ə yaxın reklam və PR məhsulu ilə rastlaşır, 100-ə yaxın reklam çarxını seyr edirlər. Təəssüf ki, bunların az bir hissəsi istehlakçıların diqqətini çəkir. Ən əsasına isə, yəni istehlakçıda reklam və ya PR edilən məhsul və ya xidmətdən yararlanmaq istəyini formalaşdırmaq, demək olar ki çox az bir hissəsinə nəsib olur. Axı insanların motivləşdirilməsi və stimullaşdırılması çox incə və çətin iş kimi bir çox psixoloemosional amillərdən asılıdır.
Bildiyimiz kimi, heç bir şirkət yalnız istehsal etdiyi məhsullar (təklif etdiyi xidmətlər) hesabına uzun müddət uğurlu fəaliyyət göstərə bilməz. Bu ona görə baş verir ki, müasir zamanda düzgün aparılan inkişaf siyasəti mütləq şəkildə keyfiyyətli reklam və güclü PR alətləri üzərində qurulur. Çünki düzgün aparılan marketinqin köməyi ilə şirkətin imkanları və bazarın tələbatları bir araya gətirilir, yeni məhsullar və ya xidmətlər istehlakçılara təqdim olunursa, düzgün aparılan reklam və PR həm şirkətin tanınmasına, həm də bu məhsul və ya xidmətlərin bazarda öz mövqeyini tutmasına, satışların artmasına kömək edir.
Reklam və PR-ın uğuru onların keyfiyyətlə və düzgün formada çatdırılmasından, hədəf auditoriayaya optimal təsirindən, bu təsirin sistemli şəkildə həyata keçirilməsindən də çox asılıdır. Məhz buna görə bu alətləri istehsalçı və istehlakçı arasında qüvvətli kommunikasiya forması kimi də hesab etmək olar.
Yuxarıda qeyd edilənləri toplayaraq bildirməliyik ki, şirkətin inkişaf strategiyasında reklam və PR-ın rolunu qiymətləndirməmək olmaz, ən azı ona görə ki, bu alətlər insan psixologiyasına təsir etməklə, onu motivləşdirmək, emosional kökləmək, stimullarını təşkil etmək, düzgün prioritetlər qurmaq imkanını verirlər.
Öz məhsulları və xidmətləri üçün bazarda mövqe tapmaq istənilən şirkətin işgüzar fəallığının əsasını təşkil edir, amma yaxşı təşkil edilmiş reklam və PR məhsulları və xidmətləri yalnız satmalı deyil, emosiyalar və istəklər formalaşdırmalıdır. Əlbəttə, reklam satılan məfhumu təsvir etməli, insanlara bu məhfumu əldə etmələri üçün təkliflərini etməlidir. Lakin yaxşı və keyfiyyətli reklam və düşünülmüş PR insanların şirkət haqda yüksək fikirdə olmalarını stimullaşdırmalıdır. Çünki reklam və PR birdəfəlik satışlar etməli deyil, o, şirkətə hörmət və etibar özülünü hazırlamalıdır. Axı zaman ötdükcə insanlar daha ağıllı və müdrik olmuş, reklam edilən hər bir məhfuma etibarsızlıq nümayiş etdirməyə alışmışlar. Odur ki, reklamın dürüstlüyü mütləq zərurət olmalıdır. İstehlakçı kütləsini bir dəfə aldatmış reklama heç bir vəchlə ikinci şans verilə bilməz.
Təcrübə göstərir ki, arsenalında qabaqcıl, dəqiq düşünülmüş, yüksək səviyyədə hazırlanmış güclü reklam və PR instrumentləri olmadan heç bir şirkət bazarda uğurlu rəqabətli fəaliyyət göstərə bilməz. MEQA şirkəti olaraq biz bu instrumentlərin vacib olduğunu bir daha vurğulayır və bu sahədə öz xidmətlərimizi təklif edirik.